QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Rayon haqqında
4 Sentyabr , 2015

Qazax bölgəsi ərazisində yerləşən dünya əhəmiyyətli abidə Baba-Dərviş yaşayış qədim məskənidir. Bu abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. 1958-1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid çox maraqlı tapıntılar əldə olunmuşdur. Ümumiyyətlə, Baba-Dərviş qədim yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir. Arxeoloji materiallara əsəsən bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə maraqlıdır.

Baba-Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Xronoloji baxımından bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir.

1966-cı ildə Baba-Dərvişdə daha bir nadir tapıntı - katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır.

Baba-Dərviş ərazisində qədim qəbiristanlıq

 

 

 

Aparılan tədqiqatlar göstərir ki, Baba-Dərviş sakinləri oturaq həyat sürmüş və əsasən əkinçiliklə məşğul olmuşdular. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Xırdabuynuzlu heyvanların maldarlıqda üstünlük təşkil etdiyini göstərir. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olmuşdur.

Baba-Dərviş yaşayış məskənində əldə edilən material nəinki Azərbaycanın və Cənubi Qafqazın,habelə ümumiyyətlə ibtidai tarixinin öyrənilməsi üçün əvəzsiz qaynaqdır.