QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Qazaxda qeyri-maddi irs
13 İyul , 2016

Qazax böyük şairlərin və söz ustaların vətənidir. Bu diyardan Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mehdi Hüseyn, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı və başqaları kimi Azərbaycanın görkəmli şəxsiyyətləri çıxıb. Bu da təsadüfi deyil. Tarixin ən qədim söz-sənət inciləri Qazax məişətində, folklorda, gündəlik leksikonda yaşayır. Söhbət əsnasında, bir misal çəkmək istəyəndə, birini tərifləyəndə və sair durumlarda bunu qazaxlılar poetik şəkildə, şerlə, qoşma ilə edirlər. Təsadüfi deyil ki, 2010 ildə Qazax Azərbaycanın folklor paytaxtı elan olundu.

Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax aşıqlar vətəni kimi ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin əsl mənəvi sərvətidir.

Aşıqlıq sənəti saz çalmaq, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl, dastan və başqa növlərini toylarda, məclislərdə ifa edərək yaymaq deməkdir. Aşıq xalqın sevimlisi, onun qəlbinə, ürəyinə daha yaxın sənətkardır. Bir zamanlar aşıqlar ordunu döyüşə getməzdən öncə ruhlandırmaq, onlarda döyüş əzmi yaratmaq vəzifəsini yerinə yetiriblər. Onlar həmişə xalqın şad və qəmgin günlərində xalqla birlikdə sevinib kədərlənmişlər. Məhz buna görə də aşıq ədəbiyyatı və aşıqlıq sənəti xalq arasında rəğbətlə qarşılanaraq yaşamış və bu gün də yaşamaqdadır. Aşıq sənəti həmçinin, həvəskarlar arasında da geniş yayılmışdır. Məsələn, Qazaxda bir çox ailələr evdə saz saxlayırlar və insanlar öz zövq-səfası üçün bu alətdə aşıq havaları ifa edirlər. Əyləşəcəyiniz hər hansı bir məclisdə əlində saz tutan birinin hazır olmasına təəccüblənməmək lazımdır. Burada saz musiqisinə, aşıq sənətinə hər kəs heyrandır.

Qazaxın saz və söz biliciləri deyirlər ki, bu yerlərin aşıq sənətini əsasən üç qrupa ayırmaq olar. Birinci qrupa ustad aşıqlar daxil edilir. Onlar aşıq sənətini yaşadan və inkişaf etdirən görkəmli sənətkarlar sayılırlar. XIX əsrdə yaşamış Aşıq Dərviş Mahmud, Aşıq Mansur, Aşıq Məmmədyar, Aşıq Müsəllim, Aşıq Miskin Əli, Aşıq Mirzə Səməd, Avdı Qaymaxlı və başqaları yalnız folkloru, aşıq yaradıcılığını mükəmməl bilmələri ilə deyil, eyni zamanda, coşqun şairlik təbinə malik olmaları ilə də fərqlənirdilər. Belə sənətkarların şerləri əsasında xalq dastanları yaranırdı. Məsələn, Aşıq Avdı gözəl ifaçı olmaqla yanaşı, sənət aləmində həm də onlarca divani, gəraylı, qoşma, təcnis və müxəmməsin, "Avdı və Mehriban" adlı dastanın, habelə məşhur "İncəgülü" aşıq havasının müəllifi kimi tanınır. Yaxud Aşıq Mirzə Səmədin "Sarıtel" və "Boğça Çiçəyi" dastanları el arasında geniş yayılmışdır.

İkinci qrupa daxil olanlar ifaçı aşıqlardır. Bunların şairliyi, fərdi yaradıcılıq meyli olmasa da, gözəl səsə, yaxşı saz çalmaq və məclis aparmaq qabiliyyətinə malikdirlər. Onlar ustad aşıqların zəngin irsini öyrənir, təbliğ edir və gələcək nəsillər üçün yaşadırlar. Bu mənada Aşıq Ədalət Nəsibovun, Aşıq Hacının, Aşıq Kərəmin, Aşıq Yaqubun, Aşıq Camoyun, Aşıq Saqifin Aşıq Məmmədəlinin, Aşıq Abdunun, Aşıq Yaşarın və başqalarının fəaliyyəti bəllidir.

Üçüncü qrupa aşıq poeziyası üslubunda yazıb-yaradan el şairləri daxildir. Onların çoxu çalıb-oxumur, lakin dürlü sözləri ilə aşıq poeziyasını zənginləşdirir, dövrün aktual məsələlərini öz əsərlərində əks etdirirlər. Bu mənada el şairləri aşıq poeziyasına yeni nəfəs, ictimai məzmun gətirirlər. Yazıları klassik aşıq şeri formasında olsa da, burada müasirlik son dərəcə güclü olur. Bu sahədə Qulu Cəfər oğlu Məşədiyevin, "Həvəskar" ləqəbli şair Allahverdi Vəli oğlu Hacalıyevin və başqalarını qeyd etmək olar.

Tarixlərdən keçən aşıq yaradıcılığı hal-hazırda öz inkişaf dövrünü yaşayır və dünya səhnələrinə çıxır. 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun dünyanın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Bəzi aşıq havalarını buradan yükləyə bilərsiniz (mp3).

 

 

 

Gözəl Vətən! Mənan dərin,    
Beşiyisən gözəllərin!     
Aşıq deyər sərin-sərin,    
Sən günəşin qucağısan,     
Şer, sənət ocağısan.   

S.Vurğun