QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
8 Avqust , 2019

 08 avqust 2019-cu il tarixdə saat 11:00-da  Ədəbiyyat muzeyində  Gözdən Əlillər Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmyerlimiz, şair Eldar Həsrətin "Məni xəfif əsən yellərdən soruş” adlı lirik şeirlər kitabının təqdimatı olub. Ədəbiyyat Muzeyində təşkil olunmuş təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, şairlər, aşıqlar, müəllifin yaxınları və doğmaları, mədəniyyət işçiləri,  ictimiyyət nümayəndələri iştirak edib. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə müəllifi təbrik edib, xoş arzularını çatdırıb. Şairin həyat və yaradıcılığından söz açan şair qeyd edib ki, sayca ikinci olan bu kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı həm lirik, həm təbiət, həm də satirik mövzuda yazdığı şeirləri toplanıb. Müəllifin kitabda toplanmış şeirləri, sözün qüdrəti ilə öz iç dünyasını aydın şəkildə göstərdiyini qeyd edib. Kitabda toplanmış şeirləri yüksək dəyərləndirən şair B.Vüsal müəllifə yaradıcılıq uğurları arzulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək şair Eldar Həsrəti rayon rəhbərliyinin adından salamlayıb və səmimi təbriklərini çatdırıb. Rayonda şairlərə, saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açan müavin keçirilən yubiley tədbirlərini, kitab təqdimatlarını qeyd edib. Bu gün Qazaxda bütün sahələrə olduğu kimi, mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsində çalışan insanlara xüsusi qayğı ilə yanaşıldığını vurğulayıb. Kitabda toplanmış şeirlər haqqında fikirlərini bölüşən müavin hər bir şeirin özünəməxsus dərin məna əks etdirdiyini bildirib. Müəllifə yaradıcılığında daha böyük uğurlar qazanmasını arzu edib. Qazax Əlillər Cəmiyyətinin sədri Akif Adamov, cəmiyyətin üzvü Elçin Göyüşov, şairlərdən ağsaqqal, neftçi şair Zamaddin Ziyadoğlu, Sumqayıtdakı Ə.Kərim adına Poeziya klubunun rəhbəri, şair İbrahim İlyaslı, AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, şairə Tamella Poladlı, şair, Prezident təqaüdçüsü Səhlədar Hidayətoğlu, şairə Gülsənəm Cəlili, gənc şairə Nuranə Təbriz, şair Məzahir Yaqub, Mübariz Qaragözlü çıxış edərək müəllifi yeni lirik şeirlər kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, aşıq Saqif Məzəmli, Şahvələd Orucov öz saz havaları ilə müəllifə təbrik töhfələrini çatdırıblar. Şairin qardaşı, Qarabağ müharibəsi əlili Elmar Şəmşiyev çıxış edərək öz növbəsində müəllifi təbrik edib, qardaşının yaradıcılığına verilən qiymətə görə razılığını ifadə edib. Sonda müəllif Eldar Həsrət çıxış edərək təqdimat mərasiminin ərsəyə gəlməsində əməyi olan insanlara, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və filialın əməkdaşlarına minnətdarlığını bildirib, Mərkəzi Kitabxanaya  kitablarını hədiyyə edib.

Foto Qalereya